Niyə hər qərar “təcili” olur, amma nəticə gecikir?

Niyə hər qərar “təcili” olur, amma nəticə gecikir?
14 Aprel 2026

Niyə hər qərar “təcili” olur, amma nəticə gecikir?

Niyə hər qərar “təcili” olur, amma nəticə gecikir?

Əgər hiss etmisinizsə İdarəetmədə qəribə bir zaman paradoksu var. Qərar verilməlidir - təcili baş tutur amma icra nəticəsinə gələndə? Bir az gözləsin. Bəlkə sabah. Bəlkə gələn həftə. Bəlkə…...

Əgər bir qərar “təcili”dirsə, normalda nəticəsi də tez görünməlidir, amma praktikada əksini görürük: nə qədər “təcili” deyilir, bir o qədər gecikmə başlayır.

Bunun səbəbi vaxt çatışmazlığı deyil. Adətən səbəb qərarın özü ilə bağlı      olan məsələdir.

1. “Təcili” sözü düşünməmək üçün istifadə olunur

Bir çox hallarda “təcili” qərarın sürətli icrasını yox, dərin düşünmədən təsdiqini ifadə edir. “Təcili qərar verək” cümləsi əslində: “Bu barədə çox düşünmək istəmirəm, amma məsuliyyəti də üzərimə almaq istəmirəm.” mənasını verdiyindən qərarlar tez verilir, amma icraya çatanda hamı dayanır. Çünki qərar verilib, amma aydınlıq yoxdur.

2. Qərar var, amma sahibləri yoxdur

Ən çox rast gəlinən vəziyyətlərdən biri isə qərar qəbul olunub, amma cavabdeh yoxdur. Hamı “ok” deyib. Heç kim “mən edirəm” deməyib. Belə qərarların çevikliyi kağız üzərində olur, amma real həyatda atadan anadan yetim qalmış bir qərara çevrilir. Yetim qərarın isə nəticəsi gecikir. Çox gecikir. Yetimə söz verən çoxdur, Gəl deyən yoxdur!

3. Qərar təcilidir, amma proses deyil

İdarəetmədə ziddiyyət olanda, qərar sürətlə verilir, amma proseslər yavaş, dolaşıq və qeyri-müəyyəndir. Nəticədə -    qərar icra prosesinə uyğun deyil, proses qərara hazır deyil, hamı kimisə gözləyir kimi maneələr yaranır və bu zaman “təcili qərar” sadəcə təcili xaos yaratmış olur.

4. “Gəlin baxaq” sindromu

Qərar verilir, amma arxasınca sehrli bir cümlə gəlir “Gəlin baxaq, necə gedəcək.” Bu cümlə idarəetmədə vaxtın rəsmi şəkildə yorğanın altın bükülməsidir. Nə ölçü var, nə meyar, nə də “pis gedir” deyəcəyimiz andır.

5. Qərar risklidir, gecikmə daha təhlükəsizdir

Bəzən nəticənin gecikməsi rəhbərlər tərəfindən şüurlu seçim olur. Çünki nəticə görünəndə  məsuliyyət də görünür, bir çoxları nəticəni görməkdən qorxurlar. Geçikmə isə müəyyn periodluq rahatlıq gətirir və beləcə kiminsə səhvi sübut                 olunmur, kiminsə qərarı sual altına düşmür və hamı “proses gedir” kimi düşünür. Bu da nəticəni yox, sakitliyi         qoruyan idarəetmə formasıdır.

Əgər hər qərar “təcili”dirsə, amma nəticə həmişə gecikirsə, problem vaxtda yox, cəsarətdədir. Qərar verəndə “təcili” deməzdən əvvəl bir sual verilməlidir, bunu kim edəcək və nə vaxt edəcək? Çünki idarəetmədə ən təhlükəli məqam gecikmə deyil — gecikməni plan kimi göstərməkdir. 

Müəllif: Eldar Xəlilov

Müraciət et

Populyar Təlimlər