KPI-larda çəki faizi problemi: performans niyə realı əks etdirmir?
Bir çox təşkilatda performans idarəetmə sistemləri formal olaraq düzgün qurulmuş kimi görünür: hədəflər müəyyən edilib, göstəricilər ölçülür, nəticələr hesablanır. Kağız üzərində hər şey qaydasındadır. Lakin, praktikada bu sistemlərin effektivliyini zəiflədən əsas problemlərdən biri çəki faizlərinin (weight) düzgün təyin edilməməsidir.
Adətən mənzərə eyni olur. Strateji baxımdan kritik, lakin icrası çətin və riskli olan hədəflərin çəkisi aşağı olur. Əvəzində daha rahat, gündəlik və ölçülməsi asan olan hədəflər yüksək weight alır. Nəticədə sistem real dəyəri deyil, “rahatlığı” mükafatlandırır.
Bu yanaşma performansın ölçülməsində ciddi təhrif yaradır. Əməkdaşlar nəticəyə fokuslanmaq əvəzinə, hansı hədəfin daha çox “bal” gətirəcəyini hesablamağa başlayırlar. Çətin, lakin biznes üçün əhəmiyyətli fəaliyyətlər arxa plana keçir, çünki onların təsiri qiymətləndirmədə kifayət qədər əks olunmur.
Praktiki müşahidələr göstərir ki, bu tip sistemlərdə 2 əsas davranış formalaşır:
1. Riskli və strateji işlərdən yayınma
2. KPI sisteminə uyğunlaşma və “təhlükəsiz nəticə” axtarışı
İlsonu qiymətləndirmədə nəticələr yüksək ola bilər. Lakin, təşkilat səviyyəsində real dəyişiklik, irəliləyiş və ya dəyər artımı hiss olunmur. Performans var kimi görünür, amma inkişaf yoxdur.
Digər geniş yayılmış problem weight-lərin narazılığı azaltmaq məqsədilə formalaşdırılmasıdır. Çətin hədəflərin çəkisi “bal itirilməsin” yanaşması ilə aşağı salınır. Bu isə performans sisteminin əsas funksiyasını — prioritetləri düzgün göstərmək rolunu zəiflədir.
Əslində weight-lər sadəcə texniki faiz göstəriciləri deyil. Onlar təşkilatın hansı nəticələri daha vacib hesab etdiyini açıq şəkildə əks etdirir.
Effektiv performans idarəetməsində əsas sual belə formalaşmalıdır:
“Bu hədəfin yerinə yetirilməsi təşkilata hansı real qatqını verir?”
Bu qatqı müxtəlif formalarda özünü göstərə bilər: strateji məqsədlərə töhfə, risklərin azaldılması, proseslərin yaxşılaşdırılması, uzunmüddətli dəyər yaradılması və ya kritik bir boşluğun doldurulması və s. Məhz bu sualın cavabı weight-lərin müəyyən edilməsində əsas çıxış nöqtəsi olmalıdır.
Çünki, ağırlıqlar təsadüfi və ya yalnız texniki yanaşma ilə formalaşdırılmamalıdır. Onların arxasında aydın məntiq dayanmalıdır. Bu məntiq isə bir neçə əsas meyar üzərində qurula bilər:
- İşin strateji prioritetliyi
- İcra üçün tələb olunan zaman və resurslar
- Görülən işin mürəkkəbliyi və effort səviyyəsi
Əgər weight məsələsinə prinsipial yanaşılacaqsa, onun formalaşdırılması əvvəlcədən aydın təsnifatlaşdırılmalıdır. Bu təsnifat olmadıqda weight-lər subyektiv qərarlara, kompromislərə və “ən az problem yaradan” yanaşmaya çevrilir.
Düzgün qurulmuş təsnifatlaşdırma isə sistemdəki əsas riskləri azaldır:
- Strateji işlərin arxa planda qalmasının
- Asan hədəflərin şişirdilməsinin,
- Performansın sadəcə bal hesablamasına çevrilməsinin
Və sonda:
Weight-lər prioritetləri göstərir.
Prioritetlər səhvdirsə, performans da səhv ölçülür.
Müəllif: Şəhriyar Qurbanov
















